Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

BAŞQALARINI ÇAĞIRMAQ ONLARA PƏRƏSTİŞİ GƏRƏKLİ EDİRMİ VƏ ŞİRKDİRMİ?


Bu sual bəzi Quran ayələrinin zahiri mənalarından doğur. Belə ki, onlar zahiri baxımdan Allahdan başqasını çağırmağı qadağan edir:

وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا
“Məscidlər Allaha məxsusdur, belə isə Allahla birgə bir kəsi çağırmayın.”1

وَلاَ تَدْعُ مِنْ دُونِ اللّهِ مَا لاَ يَنْفَعُكَ وَلاَ يَضُرُّكَ
“Allahdan başqa, sənə nə xeyir, nə də zərər verən heç kəsi çağırma.”2
Bəziləri bu ayələri əsas tutaraq Allah övliyalarını və salehləri onların vəfatından sonra çağırmağı şirk və onlara ibadət hesab edirlər.

CAVAB

Bu sualın cavabı aydın olsun deyə, yaxşı olar ki, “dua” və “ibadət” kəlmələrinin mənalarını bir qədər izah edək.
“Dua” ərəb dilində “nida etmək”, “çağırmaq”, “ibadət” isə “pərəstiş etmək” mənasını ifadə edir və bu iki kəlməni heç vaxt bir-biri ilə eynimənalı (sinonim) hesab etmək olmaz. Yəni heç vaxt demək olmaz ki, hər bir nida ibadətdir, çünki:
1. Quranda dəvət kəlməsi elə yerlərdə işlədilmişdir ki, onun ibadət olduğunu heç vaxt iddia etmək olmaz:

قَالَ رَبِّ اِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا
“Nuh dedi: Pərvərdigara, mən gecə-gündüz öz qövmümü Sənə tərəf dəvət etdim.”3
Məgər Nuhun məqsədinin “gecə-gündüz öz qövmünə ibadət etməsini” demək olarmı?!
Deməli, heç vaxt iddia etmək olmaz ki, dəvət və ibadət sinonimdir və əgər bir şəxs Peyğəmbəri-Əkrəm (s)-dən, yaxud saleh bir insandan kömək istəyib onu çağırdısa, ona ibadət etmişdir, çünki dəvət və nida pərəstişdən daha ümumi məna ifadə edir.
2. Bu ayələrin məcmusunda dua dedikdə məqsəd, ümumi şəkildə çağırmaq deyil, əksinə xüsusi şəkildə dəvət etməkdir ki, bu da pərəstişi gərəkli edə bilər. Çünki bu ayələrin məcmusu öz bütlərini kiçik məbudlar hesab edən bütpərəstlər barəsində nazil olmuşdur. Şübhəsiz, bütpərəstlərin öz bütləri qarşısında xüzu etmələri, onları çağırıb onlardan kömək istəmələri bu məqsədlə baş verirdi ki, onları şəfaət, məğfirət və s. kimi Allaha məxsus haqların malikləri, dünya və axirət işləri ilə əlaqədar məsələlərdə birbaşa rol oynayan hesab edirdilər. Aydındır ki, bu kimi şəraitlərdə hər növ dəvət və çağırmaq bu varlıqlara ibadət və pərəstiş hesab olunur. Bu müddəanın ən aydın dəlili budur ki, onlar bu kimi varlıqları, onların ilahiləşdirilməsinə etiqadla yanaşı çağırırdılar:

فَمَا اَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّهِ مِنْ شَيْءٍ
“Allahdan başqa çağırdıqdarı (pərəstiş etdikləri) məbudlar onları ehtiyacsız etmədi.”4
Deməli, sözügedən ayələrin bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Bizim bəhsimiz bir bəndənin digər bir bəndədən kömək istəməsidir, halbuki nə onu rəbb və məbud hesab edir, nə də dünya və axirət ilə əlaqədar işlərdə özünün maliki və tam ixtiyar sahibi. Sadəcə olaraq, onu Allahın əziz və hörmətli bəndəsi hesab edir, Allah onu risalət və imamət məqamına seçmiş və vəd etmişdir ki, onun bəndələr barəsindəki duasını qəbul edəcəkdir:

وَلَوْ اَنَّهُمْ اِذْظَلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا
“(Ya Peyğəmbər!) Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.”5
3. Qeyd olunan ayələrdə aşkar şəkildə göstərilir ki, “dəvət” dedikdə məqsəd hər hansı bir iş və hacət barəsində mütləq və qeydsiz istək deyil, əksinə pərəstiş yönə malik olan dəvətdir. Bu cəhətdən də aşağıdakı ayədə dəvət sözündən sonra dərhal həmin mənanı ifadə edən ibadət kəlməsi gətirilir:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي اَسْتَجِبْ لَكُمْ اِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
“Sizin Pərvərdigarınız buyurur: Məni çağırın (dəvət edin) ki, sizin istəklərinizi yerinə yetirim. Həqiqətən, Mənə ibadətdən üz döndərib inadkarlıq edənlər tezliklə zillət və xarlıqla cəhənnəmə varid olarlar.”6
Göründüyü kimi, ayənin əvvəlində “ud`uni” kəlməsi, axırında isə “ibadəti” kəlməsi işlədilmişdir. Bu da göstərir ki, burada dəvət kəlməsində məqsəd ilahi sifətlərlə tanınan varlıqlar müqabilində xüsusi kömək istəməkdir.

NƏTİCƏ

Qeyd olunan üç məqəddimədən belə nəticə alınır ki, bu ayələrdə Quranın əsas hədəfi bütpərəst qrupların dəvətini qadağan etməkdir, çünki onlar bütləri Allaha şərik qərar verir, onları şəfaətin malikləri və tədbirçiləri hesab edirdilər. Onların qarşısında məhz buna görə xüzu edir, zəlillik göstərir, nalə edib kömək, şəfaət və hacət istəyirdilər ki, onları kiçik məbudlar hesab edir, ilahi işləri yerinə yetirməyi öhdələrinə aldıqlarına etiqad bsləyirdilər. Bütpərəstlər inanırdılar ki, mütəal Allah dünya və axirətlə əlaqədar işlərin bir qismini onlara həvalə etmişdir. Belə isə, bu ayələrin dəvət edənin (çağıranın) nəzərindən bəndəlik həddini zərrə qədər aşmayan, əksinə Allahın sevimli bəndəsi olan pak bir ruhdan kömək istəməklə nə kimi əlaqəsi ola bilər?! Quranın buyurduğu:

وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا
“Həqiqətən məscidlər Allaha məxsusdur, belə isə Allahla yanaşı heç kəsi çağırmayın.”7 – ayəsində məqsəd cahiliyyət dövründəki ərəblərin pərəstiş etdikləri bütlər, yaxud göy cisimləri, mələk və cinlərdir. Bu və bu kimi sair ayələr məbud hesab edilən şəxs və ya şeyləri çağırmağı qadağan edir. Şübhəsiz, bu kimi varlıqları çağırmaq bu etiqadla yanaşı olarsa, onlara pərəstiş etmək sayılır. Lakin görəsən, bu ayələrin bir şəxsdən dua etməsini istəməklə nə kimi əlaqəsi ola bilər, halbuki kömək istəyən şəxs onun üçün heç bir ilahi-rübubi məqam olmasına inanmır, əksinə onu Allahın bəyənilən və sevimli bəndəsi hesab edir?!
Burada deyilə bilər ki, Allahın layiqli bəndələrini çağırmaq yalnız onların sağlığında caizdir, vəfatlarından sonra isə bu iş şirk sayılır. Cavabda deməliyik:
1. Biz Quranın aşkar buyurduğuna görə həmişə diri olan və şəhidlərdən daha yüksək bir məqamda bərzəx həyatını davam etdirən imam və peyğəmbərlər kimi saleh şəxsiyyətlərin ruhundan kömək istəyirik, onların torpaq altında yatan bədənlərindən yox. Bizim onların qəbirləri kənarında dayanaraq bir şey istəməyimizin səbəbi budur ki, bu halət bizimlə onların müqəddəs ruhları arasında daha möhkəm əlaqə yaradır. Bundan əlavə, bir çox ayə və rəvayətlərə əsasən, bu kimi yerlər duaların qəbul olunma yeridir.
2. Onların diri və ya ölü olması tövhidin meyarı ola bilməz, halbuki bizim sözümüz bu duaların faydalı olub-olmamasında deyil, şirk və tövhidin meyarındadır. Əlbəttə, bu məsələ barəsində də (onlardan kömək istəməyin faydalı olub-olmaması) öz yerində bəyan olunmuşdur.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Cin” surəsi, ayə: 18.
2. “Yunis” surəsi, ayə: 106.
3. “Nuh” surəsi, ayə: 5.
4. “Hud” surəsi, ayə: 11.
5. “Nisa” surəsi, ayə: 64.
6. “Qafir” surəsi, ayə: 60.
7. “Cin” surəsi, ayə: 18.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+9 =